REGİONLAR
Quba və Qusardan olan 800 məzun dörd mərkəzdə imtahan verib
Quba, 14 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən 800 məzun Quba şəhərində biliklərini sınayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən, Quba və Qusar rayonlarının məzunları dörd mərkəzdə imtahan veriblər.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.
İmtahanlar saat 11:00-da başlayıb və 3 saat davam edib.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki bildirib ki, imtahanlara 90 nəzarətçi müəllim, o cümlədən 15 imtahan rəhbəri cəlb olunub. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.