REGİONLAR


Qubada 11 yaşayış məntəqəsini birləşdirən yolun asfaltlanmasına başlanılıb VİDEO

Quba, 16 iyul, Elxan Yusifli, AZƏRTAC

Qubada 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi sürətlə davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq istiqamətində çəkilən yolun asfaltlanmasına başlanılıb.

Ümumi uzunluğu 33 kilometr olacaq yolun tikinti işlərinə bu ilin mart ayından başlanılıb. Dördüncü texniki dərəcəyə uyğun inşa edilən yolun 22 kilometrlik hissəsi asfalt örtüyünün vurulması üçün hazır vəziyyətə gətirilib. Artıq 5 kilometr məsafəyə asfalt döşənib.

Yeni inşa olunan yolun eni genişləndirilərək 10 metrə çatdırılıb. İki qatdan ibarət asfalt örtüyünün qalınlığı 12 santimetr eni isə 6 metr təşkil edir. Tikinti zamanı qrunt sularının axıdılması üçün lazım olan yerlərdə suötürücü qurğular yerləşdirilib.

İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə müasir yol infrastrukturunun yaradılması üçün icra olunan layihə çərçivəsində 148 ədəd yol nişanının, 33 ədəd kilometr göstəricisinin və 1350 ədəd siqnal dirəyinin quraşdırılması, hərəkətin normal təşkili üçün yol-cizgi və yolgöstərici xətlərin çəkilməsi nəzərdə tutulub.

Bu istiqamət üzrə yolların əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişindaşımasını rahatlaşdırmaqdır. Yeni yol bu ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirəcək.

Tikinti işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.