REGİONLAR
Qubada 11 yaşayış məntəqəsini əhatə edən yolların bərpası yekunlaşır VİDEO
Bakı, 31 iyul, AZƏRTAC
Quba rayonunda 11 yaşayış məntəqəsini birləşdirən M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 kilometrlik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq, mövcud yararsız asfalt-beton örtüyü 5400 kubmetr həcmdə sökülərək daşınıb, yolun torpaq yatağı genişləndirilib, yararsız qrunt 31 min kubmetr həcmdə qazılıb çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək hissə-hissə yayılıb və kipləşdirmə işləri aparılıb. Bu işlərin həcmi 48 min kubmetr təşkil edib.
Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra yol əsasının alt layı 20 santimetr hündürlükdə qum-qırmadaş, əsasın üst layı isə 16 santimetr hündürlükdə optimal-çınqıl qarışıqlardan istifadə edilməklə təqribən 350 min kvadratmetr sahədə inşası aparılıb.
Yol əsasının inşası yekunlaşmış ərazilərin isə artıq asfaltlanmasına start verilib. Əlaqələndirici bitum səpilməklə və iridənəli asfalt-beton qarışığından istifadə edilməklə örtüyün alt layı 7 santimetr qalınlıqda, xırdadənəli qarışıqdan istifadə edilməklə isə üst layı 5 santimetr qalınlıqda salınır. Bu işlər təqribən 200 min kvadratmetr sahəni əhatə edir.
Asfaltlanma işlərinin ardınca növbəti mərhələdə 100 min kvadratmetr sahədə çiyin hissələrin optimal-çınqıl materialı ilə bərkidilməsi, 2 min kvadratmetr sahədə isə yol birləşmələrinin təmiri işləri görüləcək.
Tikinti norma və standartlarına uyğun olaraq yolboyu suötürücü borular yararsız vəziyyətdə olduğu üçün müxtəlif diametrli 44 ədəd 528 poqonmetr uzunluğunda olan dairəvi dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının monolit-betonla tikintisi işləri aparılıb.
İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə müasir yol infrastrukturunun yaradılması üçün icra olunan layihə çərçivəsində 148 ədəd yol nişanının, 33 ədəd kilometr göstəricisinin və 1350 ədəd siqnal dirəyinin quraşdırılması, hərəkətin normal təşkili üçün 99 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlərin, həmçinin 3 min metr yol birləşmələri və piyada keçidlərində piyada zolağının çəkilməsi nəzərdə tutulub.
Sözügedən istiqamət üzrə yolların əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişindaşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirməkdir.