REGİONLAR
Qubada 23 minə yaxın şəxs COVID-19 infeksiyasına qarşı peyvənd olunub VİDEO
Quba, 17 may, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda bu günə kimi 23 minə yaxın şəxs COVID-19 infeksiyasına qarşı peyvənd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.
Quba rayonunda infeksiyaya qarşı mübarizə məqsədilə sakinlərin peyvənd olunması kampaniyası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq aparılır. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Vaksinasiya zamanı yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə peyvəndləmə iki mərkəzdə aparılır. Bu günə kimi Quba Rayon Mərkəzi Xəstəxanasında 19 minə yaxın, Quba Müalicə Diaqnostika Mərkəzində isə 3 min 500-dən çox vətəndaş peyvənd olunub.
Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Amil Həsənov bildirib ki, xəstəxanadakı vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Vaksin ilkin mərhələdə risk qrupuna daxil olan əhaliyə - səhiyyə işçilərinə, müəllimlərə, hüquq-mühafizə orqanı əməkdaşlarına və yaşlı sakinlərə könüllülük əsasında vurulub. Vaksin immuniteti gücləndirməklə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır.
Qubada vaksinasiya prosesi gündəlik olaraq tərtib olunan qrafik əsasında davam etdirilir. Qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Onlayn qeydiyyatdan keçə bilməyənlər isə birbaşa poliklinikalara müraciət edə bilərlər.