REGİONLAR


Qubada 66 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinin növbəti mərhələsinə başlanılıb VİDEO

Quba, 29 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Quba rayonunda 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin növbəti mərhələsinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda tikinti işləri yolun Rustov və Təngəaltı kəndlərindən keçən 6 kilometrlik hissəsində həyata keçirilir. Təmir-bərpa işləri zamanı yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra qazılmış hissəyə karbonat materialı tökülərək kipləşdiriləcək. Bundan sonra 13-14 metr enində yeni yol yatağı salınacaq. Yol kənarlarında 3-3,5 metr enində yeni çiyinlər tikiləcək. İki hərəkət zolaqlı olan yolun hərəkət hissəsinin eni 7 metr təşkil edəcək. Yolun bu hissəsinə 10 gün ərzində asfalt döşənməsinə başlanılacaq.

Yolboyu zəruri yerlərdə kommunikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunur, giriş-çıxış hissələri təmizlənir, lazımi yerlərdə isə yeni su boruları tikilir.

Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı yaşayış məntəqələrindən keçən yolun ümumi uzunluğu 46 kilometrdir.

Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin 2019-cu ildə tamamlanması nəzərdə tutulub.

Bu yolun yenidən qurulması əhalinin gediş-gəlişini rahatlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Yolun tikintisi Qubada turizmin inkişafına əlavə təkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.