REGİONLAR
Qubada “Hamiləlikdə İnkişaf Portalı” təqdim olunub VİDEO
Quba, 27 aprel , Elxan Yusifli, AZƏRTAC
“Regional İnkişaf” İctimai Birliyinin Səhiyyə Nazirliyinin dəstəyi ilə yaratdığı “Hamiləlikdə İnkişaf Portalı” (http://www.hip.az/) Qubada təqdim olunub.
Təqdimatda yeni yaradılan portalın gələcək anaların sağlam hamiləlik dövrü keçməsi, maarifləndirilməsi və sosial fəallığının artırılması istiqamətindəki rolu barədə məlumat verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin nümayəndəsi Leyla Məmmədova, “Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Ülviyyə Əkbərova çıxış edərək, layihənin sosial maarifləndirilmə baxımından əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, portal və mobil tətbiq hamiləlik dövründə xanımların sağlamlıq, akademik və sosial inkişafı üçün faydalı olan müvafiq proqramlarla təmin edilib.
Mobil tətbiqin əsas üstünlüyü portalda qeydiyyatdan keçmiş xanımlara hamiləlik dövründə uyğun həftəlik dəyişikliklər, layihə çərçivəsində baş verən yeniliklər və tədbirlər haqqında məlumatların göndərilməsindən ibarətdir.
Portalın fəaliyyəti çərçivəsində Bakı və regionlarda hamilə xanımlar üçün müxtəlif info-sessiyalar, yoqa, pilates dərsləri, seminarların keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, “Hamiləlikdə İnkişaf Portalı” layihəsi çərçivəsində bu sahədə təhsil alan tələbə və rezidentlər üçün könüllü qəbulu elan olunub. Bununla bağlı müraciətlər aprelin 30-dək qəbul ediləcək. Layihəyə könüllü kimi qoşulan gənclər fərdi inkişaf, bilik və təcrübələrini artırmaq imkanı qazanacaq.
Layihə çərçivəsində UNICEF Azərbaycan, “Wowoman”, Psixi Sağlamlıq Mərkəzi, Azərbaycan Tibb Universiteti və digər qurumlarla əməkdaşlıq istiqamətlərindən danışılıb, nümayəndələrin çıxışları dinlənilib və iştirakçılara müxtəlif maarifləndirici materiallar paylanılıb.