ELM VƏ TƏHSİL


Qubada “Məktəblilərin debat klubu” layihəsinə yekun vurulub

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olan “Məktəblilərin debat klubu” adlı layihə çərçivəsində Quba şəhərində minidebat turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə layihə çərçivəsində təlimlər keçirilən Hacıqayıb, Ağbil və Qəçrəş kənd məktəblərinin şagirdləri iştirak ediblər.

Quba şəhər 4 nömrəli məktəb-liseyin akt zalında keçirilən tədbirdə layihə rəhbəri, Quba rayonu Qəçrəş kənd tam orta məktəbin müəllimi Aygün Mövlanova bildirib ki, məqsəd məktəblilərin natiqlik bacarıqlarının artırılması, fikiryürütmə, təhliletmə, araşdırma, nəticə çıxarma kimi keyfiyyətlərinin yüksəldilməsinə xidmət etmək, onlarda mütaliəyə, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.

Layihənin yekununda Quba məktəblilərinin ilk debat turnirinin təşkil edilməsinin də məqsədi onların təlimdə öyrəndiklərinin əyani şəkildə tətbiqini izləmək və gələcək üçün natiqlər müəyyənləşdirməkdir.

Rəsmi hissədən sonra “Elektron resurslar şagirdin tədris keyfiyyətinə müsbət təsir göstərir” mövzusunda debat turnirinə start verilib.

Yekunda daha hazırlıqlı və uğurlu çıxış edən Hacıqayıb kənd tam orta məktəbinin “Aypara” debatçıları turnirin qalibi adını qazanıb. Ağbil kənd tam orta məktəbinin “Ağbil” komandası ikinci, Qəçrəş kənd tam orta məktəbinin “Atom” debatçıları isə üçüncü mükafata sahib olub.

Hacıqayıb kənd tam orta məktəbinin debat komandasının üzvü Ləman Niyyətova turnirin ən yaxşı natiqi seçilib.

Yarışın sonunda qalib və mükafatçılara layihə çərçivəsində hazırlanmış kubok, medal, diplom və kitab hədiyyələri təqdim edilib.

Üç ay davam edən layihə çərçivəsində Quba rayonunun Hacıqayıb, Ağbil və Qəçrəş məktəblərində ümumilikdə 45 nəfər IX, X və XI sinif şagirdi təlimlərə cəlb edilib və yekunda minidebat turniri üçün hər məktəbdən 3 nəfər natiq seçilərək yarışda iştirak etmək hüququ qazanıb.

Xatırladaq ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.