ELM VƏ TƏHSİL


Qubada “SABAH” III Karyera Qış Məktəbi

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-də “SABAH” Karyera Akademiyası çərçivəsində Qubada qış məktəbi başlanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “SABAH” III Karyera Qış Məktəbi çərçivəsində tələbələr işədüzəlmə, magistratura təhsili, akademik fəaliyyət, startap, sahibkarlıq sahələri üzrə bilik və bacarıqların artırılmasına dair təlim keçirlər. Onlar, həmçinin karyera planlaşdırılması, CV yazılışı, müsahibə, təqdimat bacarıqları və digər mövzular üzrə maarifləndirilir. Təlimin sonuncu günü - fevralın 14-də iştirakçılara sertifikatlar veriləcək.

Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində keçirilən təlimdə 100-ə yaxın tələbə iştirak edir. Təlimlərin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan “SABAH” tələbələrinə uğurlu karyera başlanğıcı üçün zəruri bacarıqları aşılamaqdır.

Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər “(Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və fərdi təlimçilər qış məktəbinin təşkilinə yaxından dəstək göstərirlər.

Tədbir çərçivəsində “SABAH” layihəsinin əməkdaşları üçün də “Ali təhsillin idarə olunmasının qanunvericilik və texniki aspektləri” mövzusunda xüsusi seminar təşkil ediləcək.

“SABAH” Karyera Akademiyası 2017-ci ildən “SABAH” məzunlarının peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. Akademiyanın təlimləri peşəkar karyera, sahibkarlıq, elmi araşdırma istiqamətləri üzrə tələbələrin biliklərinin artırılmasına yönəlib.

“SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış, müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə 2 min 300-dən çox tələbəni əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.