MƏDƏNİYYƏT
Qubada “Tələbə baharı” festivalının qala-konserti keçirilmişdir VİDEO
Quba, 29 may (AZƏRTAC, Elxan Yusifli). Quba şəhərindəki Yaşıl teatrda “Tələbə baharı” festivalının qala-konserti keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin 2006-cı ildən etibarən həyata keçirdiyi festivalın budəfəki qala-konserti də tamaşaçıların zövqünü oxşamışdır. Yaşıl teatrın səhnəsində çıxış edən tələbələr pop musiqisi, xalq mahnıları, caz musiqisi, klassik musiqi (vokal), estrada musiqisi, rəqs üzrə isə milli rəqslər, müasir rəqslər, bal rəqsləri nominasiyaları üzrə bacarıqlarını nümayiş etdirmişlər.
Bildirilmişdir ki, aprelin 2-3-də festivalın seçim mərhələləri keçirilmiş və bu turlarda 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiyalar üzrə öz istedadlarını nümayiş etdirmişdir. Seçim turlarından sonra 9 ali məktəbin tələbələri son mərhələdə bacarıqlarını nümayiş etdirmək imkanı qazanmışlar.
Qala-konsertin Quba şəhərində keçirilməsi əlamətdar hadisə kimi qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihəyə əsasən, internet səsvermənin nəticələrinə görə Quba şəhəri 2014-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilmişdir. Bununla əlaqədar bu şəhərdə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Festivalın təşkilinin əsas məqsədi tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında fikir mübadiləsinin təşkili, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaqdır. Asudə vaxtın səmərəli təşkil edilməsi sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət və əlaqələrin formalaşdırılması da əsas istiqamətlərdən biridir.
Qala-konsertin sonunda müxtəlif nominasiyalar üzrə qaliblər elan olunmuş, onlara Gənclər və İdman Nazirliyinin mükafatları təqdim edilmişdir.