REGİONLAR


Qubada Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mehrab Niftəliyevin xatirəsi əbədiləşdirilib VİDEO

Quba, 31 iyul, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunun Qamqam kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mehrab Niftəliyevin, həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçən digər şəhidlərimizin xatirəsi əbədiləşdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənddə bulaq inşa olunub, şəhid Vətən oğullarının şərəfinə xatirə kompleksi yaradılıb.

İyulun 31-də kənddə keçirilən açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar.

Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanı, canı bahasına torpaqlarımızı azad etdi. Bu amal uğrunda şəhid olan qəhrəmanlar hər zaman xalqımızın qəlbində yaşayacaq.

Birinci Qarabağ müharibəsində Qamqam kəndindən olan Mübariz Abdullayev, Azad Hidayətov, Xanlar Məmmədov və Münasib Osmanov şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində isə kəndin iki sakini - baş gizir Mehrab Niftəliyev və əsgər Elməddin Abdullayev şəhid olub.

Görüşdə çıxış edən şəhid valideynləri qəhrəman övladlarının keçdiyi döyüş yolundan, onların yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə hisslərindən danışıblar.

Qeyd edilib ki, Azərbaycanın elə bir bölgəsi tapılmaz ki, orada şəhid məzarı olmasın. Onların xatirəsini yad etmək, şəhid ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

Mərasimdə “Vətən Müharibəsi Qəhrəmanı” Mehrab Niftəliyevin medalı qızı Ləmana təqdim olunub.

Tədbirdə məktəblilər şəhidlərimizə həsr edilən şeirlər səsləndiriblər.

Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci ilin mayın 13-də Qubada anadan olub. 17 il Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə qüsursuz xidmət edib. O, Azərbaycanla yanaşı, digər xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə uğurlara imza atıb.

Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşada döyüşüb, düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını məhv edib. M.Niftəliyev noyabrın 8-də Şuşada qəhrəmancasına şəhid olub.

Şəhidin qəhrəmanlığı Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. M.Niftəliyev “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.