REGİONLAR
Qubada Vətən müharibəsinin qaziləri evlərində ziyarət olunub
Quba, 14 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada Vətən müharibəsinin qaziləri evlərində ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri döyüşlərdə yaralanan hərbçilərimizin sağlamlıqları və qayğıları ilə maraqlanıblar.
Rayonun Zərdabi qəsəbəsində, Çartəpə, Xucbala, Amsar və Birinci Nügədi kəndlərində yaşayan 5 qazinin hər birinə sovqatlar çatdırılıb.
Qazilərlə görüşlərdə bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Qarabağ savaşı, Vətən müharibəsi xalqımızın Böyük Qələbəsi ilə başa çatdı. Dövlətimizin başçısı noyabrın 10-da gecə saatlarında Azərbaycan xalqına müraciətində elan etdiyi Böyük Qələbə xəbəri ilə ölkəmizdə böyük sevinclə qarşılandı. Bu qələbədə ən böyük pay sahibləri bizim səngərdə düşməni qaçmağa məcbur edən döyüşçülərimizdir.
Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.