CƏMİYYƏT
Qubada “Yeni nəsil” gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşıb
Bakı, 14 fevral, AZƏRTAC
“Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “New Generation” layihəsi üzrə Quba-Xaçmaz iqtisadi regionundan olan gənclər növbəti təlimlərini yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa həvəsləndirmək və mövcud biznes ideyalarını daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır.
Quba şəhərində 2 gün ərzində ümumilikdə 115 iştirakçı təlimçi Sənan Həsənov tərəfindən keçirilən “İdeya generasiyası”, “Sahibkarlıq bacarıqları”, “Rəqəmsal marketinq” təlimlərində iştirak ediblər.
Layihə çərçivəsində Abşeron, Şəki-Zaqatala və Gəncə-Qazax iqtisadi regionları üçün təlimlər və görüşlər fevral ayının sonuna qədər davam edəcək.
Qeyd olunub ki, “New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”un dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə 2018-ci ildən həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Bir il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.