CƏMİYYƏT


Qubada “Ziyalılarımızdan öyrənək” mövzusunda layihəyə start verilib

Bakı, 15 avqust, AZƏRTAC

Avqustun 15-də Mənəvi Dəyərlərin Təbliği Fondunun, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin təşkilatçılığı və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba rayonunda “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində “Tariximizin izi ilə” adlı ilk seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, dosent Əkrəm Bağırov, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Nigar Gözəlova, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Amal Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov tədbir iştirakçılarına layihənin əhəmiyyəti barədə məlumat verərək bildirib ki, bu kimi layihələr milli-mənəvi dəyərlərimizin təbliğinə böyük töhfə verir.

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, zəngin tarixi irsə malik Azərbaycan xalqı ötən dövrdə böyük tarixi şəxsiyyətlər yetişdirib. Layihənin ilk seminarının da məhz Azərbaycan tarixi və onun şanlı səhifələrinə həsr edildiyini bildirən M.İsmayılov bu məqsədlə seminara nüfuzlu elm adamlarının cəlb edildiyini diqqətə çatdırıb.

M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, dosent Əkrəm Bağırov günümüzdə tariximizin qorunmasının və dərindən araşdırılmasının, gələcək nəsillərə çatdırılmasının böyük əhəmiyyətə malik olduğunu deyərək vurğulayıb ki, Azərbaycanda mövcud olan on dörd mindən çox əlyazmalarda tarixi irsimizin böyük hissəsi qorunmaqdadır.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin, xüsusilə Azərbaycanın dövlətçilik tarixində Nadir şah Əfşarın rolundan danışan AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Nigar Gözəlova bildirib ki, Nadir şahın dövlət xadimi, sərkərdə, diplomat və inzibatçı kimi fəaliyyəti üzərindən təqribən 300 il ötsə də, bu gün də öz aktuallığını qoruyur. N.Gözəlova bu sahədə geniş elmi araşdırmaları haqqında məlumat verərək, tarixi şəxsiyyətlərin həyatının araşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Sonra çıxış edən “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Amal Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev mövzunun əhəmiyyəti barədə danışıblar.

Yekunda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.