REGİONLAR
Qubada "SAY: Support of Azerbaijan Youth” hərəkatı çərçivəsində “Könüllülük Akademiyası” layihəsi başlayıb VİDEO
Quba, 15 dekabr, Elxan Yusifli, AZƏRTAC
“İrəli” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclər paytaxtı” Qubada "SAY: Support of Azerbaijan Youth” hərəkatı çərçivəsində “Könüllülük Akademiyası” layihəsinə start verib.
AZƏRTAC xəbər verir ki, dekabrın 15-də Quba şəhərindəki Gənclər Mərkəzində layihənin açılış mərasimi olub.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, layihə beynəlxalq və yerli səviyyəli tədbirlərdə gənclərin fəal iştirakına stimul verməyi, Azərbaycanda könüllülərin fəaliyyətinin təbliğ olunması ilə bu sahədə peşəkarlığının artırılmasını, onların ixtisaslaşdırılmasını nəzərdə tutur. Azərbaycanın 18 bölgəsindən 100-dən artıq gəncin iştirak etdiyi layihə müddətində yeni təlim modulu yaradılacaq.
İctimai Birliyin sədri qeyd edib ki, düşərgə formatında keçiriləcək layihənin ilkin mərhələsində könüllülüyün nə olduğu barədə, onun kriteriyaları haqqında ətraflı izahat veriləcək. Layihə həm də nəzəri biliklərin ötürülməsi və tətbiq edilməsi hissələrindən ibarətdir. Nəzəri biliklərin ötürülməsi hissəsində gənclər yeni “SAY: Könüllü” təlim modulu vasitəsilə təlimləndiriləcəklər.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində www.volunteer.az saytı yaradılacaq. Bu sayt vasitəsilə Azərbaycanda ümumi könüllülük bazasının yaradılması planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov layihənin iştirakçılarına müvəffəqiyyətlər diləyib, ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən danışıblar.
Bildirilib ki, ölkəmizdə gənclər təşkilatlarına fəaliyyətlərini genişləndirmək respublikamızın ictimai, siyasi, mədəni həyatında mühüm rol oynamaq üçün geniş imkanlar yaradılıb.
“Könüllülük Akademiyası” layihəsi dekabrın 20-də başa çatacaqdır.