REGİONLAR


Qubada açıq havada “Oxu bayramı” keçirilib

Quba, 4 iyun, Elxan Yusifli, AZƏRTAC

Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Oxu bayramı” maraqla qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzinin qarşısında, açıq havada keçirilən tədbirdə qonaqlar müxtəlif mövzularda təşkil edilən, milli-mənəvi dəyərlərimizi əks etdirən kitab sərgiləri, rəsm və “Bacarıqlı əllər” dərnək üzvlərinin əl işlərindən ibarət sərgilərlə tanış olublar.

Tədbirə qatılanlar Səməd Vurğunun “Vaqif” dramından bir hissə izləyib, fəal oxucuların ifasında ulu öndər Heydər Əliyevə, Şuşaya və Vətənə həsr olunan şeirlər dinləyiblər. Balaca uşaqların təqdimatında rəqslər və “Cırtdan” nağılından kiçik bir səhnə nümayiş etdirilib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb.

Milli Məclisin deputatı Vahid Əhmədov çıxışında “Şuşa İli” çərçivəsində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən, Şuşada, Qarabağda aparılan dirçəliş, quruculuq işlərindən danışıb.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov regionda mədəniyyət müəssisələri tərəfindən “Şuşa İli” ilə əlaqədar silsilə tədbirlərin ilboyu davam edəcəyini bildirib.

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, şair Ramiz Qusarçaylı, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov çıxış edərək, ölkəmizdə kitabxana işi sahəsində uğurla aparılan quruculuq işlərindən, kitabxana –informasiya sahəsindəki yeniliklərdən, kitabxanalardakı işin müasir tələblərə uyğun qurulmasından danışıblar.

Bayram tədbiri Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin, Quba Uşaq İncəsənət Məktəbinin və Quba Uşaq Musiqi Məktəbi kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirilib.

“Oxu bayramı”nda fəal iştirak edən oxucular və kollektivlər, iş fəaliyyətləri ilə fərqlənən kitabxana əməkdaşları fəxri fərmanlarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.