REGİONLAR
Qubada avtomobil qaçıran şəxs saxlanılıb VİDEO
Quba, 18 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinə fevralın 16-da Aşağı Atuc kəndi ərazisindən şəhər sakini S.Dadaşova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobillə Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədilməsi müəyyən edilib. Keçirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunan Raman Mirzəliyev saxlanılıb.
Raman Mirzəliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Quba rayonu ərazisində yerləşən bağ sahələrinin birindən bir ədəd motorlu mişar da oğurladığı müəyyən olunub.
Saxlanılan şəxs dindirilmə zamanı törətdiyi əməlləri etiraf edib.
Faktlarla bağlı Quba RPŞ-də Təhqiqat qrupunda araşdırmalar aparılır. Raman Mirzəliyevin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.