REGİONLAR
Qubada baş verən yanğında bir nəfər yanıq xəsarətləri alıb VİDEO
Quba, 2 iyun, Elxan Yusifli, AZƏRTAC
Qubada yaşayış evində baş verən yanğın hadisəsi zamanı bir nəfər yanıq xəsarətləri alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Mirzəbaba Tahirov küçəsində, Niftulla Əliyevə məxsus ikimərtəbəli evdə qeydə alınıb.
Yanğın nəticəsində 124 kvadratmetr sahəsi olan ev içərisindəki əşyalarla birgə tamamilə yanıb. Hadisə zamanı ev sahibinin qardaşı Əlibala Əliyev ciddi yanıq xəsarətləri alıb.
Yaralı əvvəlcə Quba Rayon Mərkəzi xəstəxanasına aparılıb. İlkin tibbi yardımdan sonra yaralının vəziyyəti ağır olduğundan Bakı şəhərinə ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilib.
Yanğının söndürülməsi üçün əraziyə Quba Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınıb və ətraf ərazilər yanğından mühafizə olub.
Faktla bağlı araşdırma aparılır.