REGİONLAR
Qubada bayram yarmarkası: fermerlər və istehsal müəssisələri satışa 20 tona yaxın məhsul çıxarıb VİDEO
Quba, 16 mart, Elxan Yusifli, AZƏRTAC
Qubada açılan bayram satış yarmarkasında fermerlər və rayondakı istehsal müəssisələri tərəfindən alıcılara 40 çeşiddə 20 tona yaxın məhsul təqdim olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram günlərində davam edəcək yarmarkada ərzaq və kənd təsərrüfatı məhsulları sakinlərə bazardakı qiymətdən 20-30 faiz ucuz satılır.
Yarmarkada satılan mal ətinin qiyməti 8, qoyun ətinin isə 9 manatdır.
Dövlətimizin başçısının tapşırığına əsasən, xalqımızın ən əziz bayramı ərəfəsində təşkil olunan yarmarkaların məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.
İstehsal etdikləri məhsulları sərfəli qiymətə satan fermerlər, eləcə də alıcılar yarmarkanın təşkilindən razılıqlarını bildiriblər.
“Novruz bizim ən sevimli bayramımızdır. Bayram ərəfəsində ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə satırıq. Bizə bu qiymətlər sərf edir. Çünki öz bağımızın məhsuludur. Mən əsasən meyvə satışı ilə məşğulam. Amma bununla yanaşı, özüm də yarmarkadan bayram bazarlığı etmişəm. Bir kiloqramı 8 manata ət aldım. Bazarda bundan 2 manat bahadır”, - deyə satıcı Asif Məmmədov bildirib.
Quru meyvələr alan Şəhla Quliyeva da bayram bazarlığından razı qalıb. “Fındıq, qoz ləpəsinin hər kiloqramında bir manata kimi fərq var. Mən də bu fürsətdən yaralandım. Ümumilikdə, 100 manata kimi bazarlıq etməli idim. Amma burada istədiyim ərzaqları aldım və 80-85 manat xərclədim. Təşkilatçılara minnətdaram”, - deyə Ş.Quliyeva bildirib.
Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi bildirib ki, bayram satış yarmarkaları şəhər mərkəzi ilə yanaşı, rayonun iri yaşayış məntəqələrində də təşkil olunub.