REGİONLAR
Qubada bayramın ilk günü satışa 500 baş qurbanlıq qoyun çıxarılıb - REPORTAJ VİDEO
Quba, 20 iyul, Elxan Yusifli, AZƏRTAC
Qurban bayramı ilə əlaqədar şimal rayonlarının hər birində qurbanlıq heyvan kəsimi və satışı məntəqələri yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba şəhərinin Dəvədabanı yaşayış massivində təşkil edilən kəsim və satış məntəqəsində alıcılara baytarlıq nəzarətindən keçən və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilən qurbanlıq heyvanlar təklif olunur. Bayramın ilk günü bu məntəqədə satışa 500 baş xırdabuynuzlu heyvan çıxarılıb.
Alıcılar daha çox 15 kiloqramadək olan qurbanlıq qoyunlara üstünlük verirlər. Qoyun ətinin bir kiloqramı 13 manatdır. Diri halda satılan qoyunlar isə kiloqramı 6,5 manatdan hesablanır.
Qurbanlıq qoyun alan Vaqif Məmmədov məntəqədə satışın təşkilindən razılığını bildirir: “İlk növbədə hər kəsin Qurban bayramı mübarək olsun. Allah kəsilən qurbanları qəbul etsin. Bu gün bizdə qurbanlıq sağlam bir qoyun seçdik. Hər şey gözəl təşkil olunub, qayda-qanunlara riayət olunur”.
Qubada yaradılan məntəqədə əsasən yerli təsərrüfatlarda saxlanılan, həmçinin Beyləqan və Ağcabədi rayonlarından gətirilən qurbanlıq qoyunlar satılır.
Qurbanlıq qoyunlar satan Vilayət Rüstəmov satışda alıcıların tələbinə uyğun bütün çəkilərdə qoyunların olduğunu bildirir: “Bu gün satışa ümumilikdə 500 başa yaxın qurbanlıq quyun çıxarmışıq. Alıcılarımız kifayət qədərdir. Daha çox 15-16 kiloqramlıq heyvanlar satılır”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Xaçmaz Regional Bölməsinin müfəttişi Vüqar Ağakişiyev bildirib ki, Quba ilə yanaşı Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında da heyvan kəsimi və satışı məntəqələri yaradılıb. Bu məntəqələr qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə təşkil olunub. Ən əsası həmin satış məntəqələrində heyvanlar sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilir.
“Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün bu məntəqələrin xidmətlərindən yararlana bilərlər. Nəzərdə tutulmayan yerlərdə heyvan kəsimi həyata keçirən şəxslərə qarşı qanunamüvafiq tədbirlər görüləcək” , - deyə Vüqar Ağakişiyev söyləyib.
Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.