CƏMİYYƏT
Qubada baytarlıq aptekinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 16 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Quba şəhərində 29-cu məhəllə, mərkəzi bazar ərazisində fəaliyyət göstərən, “Samir-HS” MMC-yə məxsus baytarlıq aptekində yoxlama aparılıb.
Yoxlama zamanı baytarlıq aptekinin vitrinində yararlılıq müddəti bitmiş dərman preparatları aşkar edilib. Belə ki, aptekdə sanitariya tələblərinə, saxlanma qaydasına və temperatur rejiminə əməl olunmadığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, həmçinin işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq baytarlıq aptekinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.