REGİONLAR
Qubada buldozerin ehtiyat hissələrini oğurlayan şəxslər saxlanılıb VİDEO
Quba, 6 mart , Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin (RPŞ) Qonaqkənd Polis Bölməsinin əməkdaşları Kunxırt kəndi ərazisində buldozerin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən şəxsləri saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxslərin rayonun Talabıqışlaq kənd sakinləri, dəfələrlə məhkum edilən Elbrus Şirinov və Nahib Əliyev olduqları müəyyənləşib.
Saxlanılan şəxslər törətdikləri oğurluq əməllərini etiraf ediblər. Araşdırmalarla məlum olub ki, E.Şirinov və N.Əliyev kənd ərazisində təmir üçün dayanan ÇTZ-B-11 markalı buldozerin sürət qutusunu və bir neçə başqa ehtiyat hissələrini oğurlayaraq “İj” markalı avtomobilə yükləyib hadisə yerindən uzaqlaşıblar.
Buldozerin məxsus olduğu müəssisəyə 10 min manatdan çox maddi ziyan vuran şəxslər ehtiyat hissələrini rayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsinə dəyərindən dəfələrlə ucuz qiymətə satıblar. Polis əməkdaşları tərəfindən həmin metal qəbulu məntəqəsinin ünvanı müəyyən edilərək oğurlanmış ehtiyat hissələri maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.