REGİONLAR
Qubada bütün istiqamətlərdə yollar açıqdır VİDEO
Quba, 22 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, daha təhlükəli sayılan Quba-Xınalıq yoluna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir. Yolun qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib. Quba rayon 5 nömrəli Yol İstismar İdarəsinin nümayəndəsi Süleyman İsayev bildirib ki, sakinlərin Xınalıq və həmin istiqamətdə yerləşən kəndlərə gediş-gəlişində problem yoxdur.
Qarın yağması ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar. Belə ki, rayon ərazisində nəqliyyatın hərəkəti Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən tənzimlənir, sürücülərlə profilaktiki söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumat verilir. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət olunur.
Həmçinin Quba RPŞ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları da rayon ərazisində xidməti avtomobillərlə patrul xidmətini yerinə yetirərək, yollarda qalmış vətəndaşlara yardım edirlər.