REGİONLAR
Qubada çaya aşan ekskavatorun sürücüsünün torpaq layının altında qaldığı ehtimal olunur VİDEO
Quba, 7 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 7-si səhər saatlarında Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində qazıntı işləri aparan ekskavatorun çaya aşması nəticəsində itkin düşən sürücünün kimliyi müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin sürücü 40 yaşlı Şabran rayon sakini Vüqar Qasımovdur.
Ekskavatorçu V.Qasımovun hadisə zamanı suya düşdüyü və ya çayın sahilindən qopan torpaq layının altında qaldığı ehtimal olunur.
Hadisə yerində olan kənd sakinlərinin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, aşan ekskavatora yaxınlaşdıqda sürücünün kabinədə olmadığını görüblər.
Ekskavatorçunun tapılması üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və digər qurumların əməkdaşları əraziyə cəlb olunub.
Vüqar Qasımov ailəlidir, üç övladı var.