Qubada dağ çayları üzərində inşa olunacaq su anbarları beş rayonda suvarma işlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq VİDEO
AzerTAg.az
Quba, 18 avqust, Elxan Yusifli, AZƏRTAC
Yeni yaradılacaq Qudiyalçay, Vəlvələçay, Qaraçay və Qusarçay su anbarları ölkəmizin şimal rayonlarında mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsində mühüm rol oynayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən iyulun 27-də imzalanan “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” təsdiqlənib. Plana əsasən Azərbaycanda 10 yeni su anbarı yaradılacaq. Dağ çayları sularının yığılması üçün nəzərdə tutulan relyefə uyğun tikiləcək su anbarlarından dördü Quba rayonunun ərazisində inşa ediləcək.
Su anbarlarının inşa olunacağı Qudiyalçay, Vəlvələçay, Qaraçay çayları Quba və Xaçmaz, Qusarçay isə bu rayonlarla yanaşı, həm də Qusar rayonunun ərazisindən axıb Xəzər dənizinə tökülür. Başlanğıcını Böyük Qafqaz dağlarından götürən bu dörd çayın hər birindən suvarma işlərində geniş istifadə olunur.
“Azmelsutəsərrüfat” ASC-nin Quba Suvarma Sistemləri İdarəsinin mütəxəssisi Qüdrət Feyzullayevin sözlərinə görə, hazırda Quba rayonunun 26 min 33 hektar suvarılan torpaq sahələrinin suvarılması ərazidən keçən dağ çaylarından götürülən su hesabına həyata keçirilir. Rayonun ərazisindən, ümumilikdə, 8 çay axır. Ən çox sululuq Qudiyalçay, Vəlvələçay, Qaraçay və Qusarçayda müşahidə olunur.
Suvarmanın əsas mənbəyi isə Qudiyalçaydır. Çayın suyu 1972-ci ildə inşa olunmuş “Qudiyalçay su qovşağı” vasitəsi ilə tənzimlənir. İyul-avqust aylarında çaylarda suyun səviyyəsi aşağı düşdüyündən ərazilərin suvarma suyu ilə təminatında çətinliklər yaşanır.
“Hazırda Quba rayonu ərazisində su anbarı yoxdur. Amma “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na əsasən Qudiyalçay, Qusarçay, Qaraçay və Vəlvələçay üzərində dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması nəzərdə tutulur. Bu su anbarları tikildikdən sonra Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının ərazilərinə suvarma suyunun fasiləsiz verilməsi ilə torpaq sahələrinin suvarılması əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Həmçinin tikiləcək su anbarlarından Samur-Abşeron kanalına su verilməklə “Taxtakörpü” və “Ceyranbatan” su anbarlarına suyun ötürülməsi də nəzərdə tutulur. Bununla da yeni anbarlar Bakı və Sumqayıt şəhərlərinin içməli suya olan tələbatının ödənilməsində də önəmli rol oynayacaq”, - deyə Qüdrət Feyzullayev bildirib.
Quba rayonu ərazisində 1984-1987-ci illərdə inşa edilən 4 ədəd kiçik sututarı var. "Bulaqdərə", "Dağlı-1", "Dağlı-2" və "Gülüstan" adlı sututarları vasitəsilə 2600 hektar torpaq sahələrinin suvarılması təmin olunur.
Quba Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzinin direktor müavini Mədət Qurbanov AZƏRTAC-a müsahibəsində bildirib ki, son illər havaların quraq keçməsi, yağıntıların miqdarının azalması əkinlərin və bağların suvarılmasında ciddi problemlər yaradıb. Yeni yaradılan su anbarları Quraqlıq və su çatışmazlığının kənd təsərrüfatına mənfi təsirinin qarşısını almaq baxımından böyük əhəmiyyətə malikdir.
“Yeni su anbarlarının tikintisi təkcə Quba yox, eləcə də Xaçmaz, Şabran və Qusar rayonlarının təsərrüfatçıları üçün də sevindirici xəbərdir. Son illər regionda əkin sahələrinin, intensiv və superintensiv bağların artması suya olan tələbatı daha da artırıb. Hər il suvarmada yaranan çətinliklər üzündən tonlarla məhsul xarab olur, bağlar və əkin sahələri quruyaraq sıradan çıxır. Yeni su anbarların yaradılması mövcud su ehtiyatlarının səmərəli istifadəsinə şərait yaradacaq. Payız-qış aylarında anbarlarda toplanan su yay mövsümündə bağ və tərəvəzlərin suvarılmasında istifadə ediləcək. Yeni tikiləcək 10 yeni su anbarı ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq”, - deyə Mədət Qurbanov vurğulayıb.
Hazırda su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmə işləri həyata keçirilir.








Xəbərin mətnində orfoqrafik səhv var