REGİONLAR
Qubada evdən oğurluq edən 3 nəfər saxlanılıb VİDEO
Quba, 9 may, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun İdris-qışlaq kəndi ərazisində yerləşən evlərin birindən televizor və məişət avadanlıqları, eləcə də iki ədəd qəlyan, həmin qəlyanlara aid tütün məmulatları və aksesuarlar oğurlamaqda şübhəli bilinən üç nəfəri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla onların həmin kənd sakini olan bir azyaşlı, Şabran rayon sakinləri Tural Ağayev və əvvəllər məhkum olunmuş Əjdər Xıdırov olduqları müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Oğurlanan avadanlıqlar və qəlyanlar polis əməkdaşları tərəfindən Tural Ağayevin yaşadığı evdən maddi sübut kimi götürülüb.
Hadisə ilə bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.