REGİONLAR
Qubada gənc ana üçəm dünyaya gətirib VİDEO
Quba, 25 dekabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayon Alpan kənd sakini 24 yaşlı Şəbnəm Əkbərovanın üçəm körpələri dünyaya gəlib. Dekabrın 8-də doğulan körpələrdən ikisi qız, biri oğlandır.
Quba Regional Perinatal Mərkəzin direktoru Şəhla Həsənova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, vaxtından əvvəl doğulan (hamiləliyin 30-cu həftəsində) uşaqların vəziyyəti olduqca ağır idi. Doğularkən qız uşaqları 950 və 980 qram, oğlan isə 1 kiloqram 450 qram çəkidə olub.
Yeni doğulan körpələr küvezə yerləşdirilərək tənəffüs aparatına qoşulub. Üçəmlər yalnız bir həftədən sonra tənəffüs aparatından ayrılaraq sərbəst nəfəs almağa başlayıblar.
Şəhla Həsənova bildirib ki, təbii doğuşla dünyaya gələn körpələr hələ 10 günə kimi küvezdə saxlanılacaq. Hazırda hər üç uşaq normal inkişaf edir. Körpələrin boyu və çəkisi artır.
Uşaqların anası Şəbnəm Əkbərova müvafiq müalicələrdən sonra xəstəxanadan evə buraxılıb. Bu, gənc ananın ilk hamiləliyidir.
Bundan əvvəl Quba rayonunda üçəmlərin dünyaya gəlməsi 10 il əvvələ təsadüf edib. Ötən ilin dekabr ayında isə Qusar rayon sakini Şəhla Əmirəliyevanın üçəm körpələri dünyaya gəlmişdi.