REGİONLAR
Qubada görkəmli ədib Həsən bəy Zərdabinin xatirə kompleksi yaradılıb VİDEO







Quba, 5 iyun, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Zərdabi qəsəbəsində görkəmli ədib Həsən bəy Zərdabinin adını daşıyan istirahət parkında yenidənqurma işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir, parkda Azərbaycanda milli mətbuatın banisi Həsən bəy Zərdabinin abidəsi ucaldılacaq. Artıq görkəmli ədibin xatirə kompleksinin tikintisi yekunlaşmaq üzrədir. İyunun 15-dək kompleksin mərkəzində postament üzərində 1,65 metr hündürlüyündə abidə qoyulacaq. Abidənin müəllifi heykəltəraş-rəssam Şıxəli Təhməzovdur.
Həsən bəy Zərdabi 1868-ci ildə Qubada məhkəmə katibi vəzifəsində işləyib. Onun adını daşıyan, 5 min nəfərdən çox əhalinin yaşadığı qəsəbə Qubanın ən böyük yaşayış məntəqələrindəndir.
Quba Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Şahin Aslanov bildirib ki, 3 hektar ərazisi olan parkda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, dekorativ yaşıllıqlar, uşaq əyləncə mərkəzi, oyun meydançaları yaradılır. Parka səki daşları döşənib, idman sahələri salınır.
Tikinti işlərinin 22 iyul - Milli Mətbuat Günü ərəfəsində yekunlaşdırılması nəzərdə tutulub.
Parkın abadlaşdırılması ilə yanaşı, 2 kilometr uzunluğundakı qəsəbədaxili yolun asfaltlanması da həyata keçirilib. Zərdabi qəsəbəsində 850 şagird yerlik yeni məktəb binasının inşasına da başlanılıb. Üçmərtəbəli məktəb binasının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.