REGİONLAR
Qubada görkəmli ədib Həsən bəy Zərdabinin xatirəsi əbədiləşdiriləcək
Quba, 22 iyul , Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın rayonları arasında ilk dəfə qəzet Qubada nəşr olunub. 1921-ci ilin aprelin 21-də “Əxbar” adı ilə işıq üzü görən bu mətbu orqan, sonrakı vaxtlarda “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Şəfəq”, “Qızıl Quba” və “Quba” adlandırılıb. 1995-ci ildən isə qəzet “Şəfəq” adı ilə nəşr olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə 22 İyul - Milli Mətbuat Günü münasibətilə Quba şəhərində keçirilən görüşdə məlumat verilib.
Tədbirdə yerli icra hakimiyyətinin rəhbər şəxsləri, regiondakı mətbuat və media qurumlarının əməkdaşları iştirak ediblər.
Çıxışlarda bildirilib ki, 144 il əvvəl əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı ötən hər ildə yeni-yeni keyfiyyət göstəriciləri əldə edib. Prezident İlham Əliyevin qayğısı sayəsində milli mətbuatımız sürətlə inkişaf edir. Dövrün nəbzini tutmağı bacaran, əsil həqiqətləri dünya ictimaiyyətinə dolğun şəkildə çatdıran jurnalist kadrlar yetişib. Bu isə özünü bölgə nəşrlərinin timsalında da göstərir.
Görüşdə regionda fəaliyyət göstərən jurnalistlər çıxış edərək ölkəmizdə media nümayəndələri üçün yaradılan şəraitdən söz açıblar.
Tanınmış telejurnalist Aytəkin Alxaslı çıxışında Həsən bəy Zərdabinin 1868-ci ildə Qubada məhkəmə katibi vəzifəsində işlədiyini diqqətə çatdıraraq, görkəmli ədibin xatirəsinin əbədiləşdirilməsini təklif edib.
Təklif rayon rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Zərdabinin bir vaxtlar çalışdığı və hazırda onun adını daşıyan qəsəbədə mətbuatımızın banisinin büstünün ucaldılması və ya xatirə lövhəsinin vurulması ilə bağlı addımlar atılacağına söz verib.
Tədbir çərçivəsində regionda çalışan bir sıra jurnalistlər Milli Mətbuat Günü münasibətilə Fəxri fərmanla təltif olunublar.