REGİONLAR
Qubada görkəmli tənqidçi və nəzəriyyəçi, ədəbiyyatşünas Nizaməddin Şəmsizadənin 65 illik yubileyi qeyd olunub
Quba, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 65 illik yubileyi qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi, Quba Rayon İcra Hakimiyyəti və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən ədəbi-bədii gecədə Nizaməddin Şəmsizadə haqqında yazılan “Ədəbiyyatdan əbədiyyətə” və ədəbi fəaliyyətinin 40 illiyinə həsr olunan “İdrakın üfüqləri” kitabları da oxuculara təqdim edilib.
Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzində keçirilən yubiley tədbirində Quba rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Xudaverdiyev, Milli Məclisin deputatı Vahid Əhmədov, tanınmış elm və mədəniyyət xadimləri çıxış edərək görkəmli tənqidçi və nəzəriyyəçi, ədəbiyyatşünas N.Şəmsizadənin həyat yolundan, elmi-bədii yaradıcılıq axtarışlarından geniş söz açıblar.
Bildirilib ki, Nizaməddin Şəmsizadə ədəbi prosesdə fəal mövqeyi olan, həm müasir ədəbiyyat problemləri, həm də tənqidimizin tarixi və nəzəriyyəsi ilə intensiv surətdə məşğul olan tənqidçilərdəndir. O, bir alim kimi ədəbi-nəzəri fikir tariximizin problemləri üzərində tədqiqatlar aparıb və taleyinə məşəqqətlər yazılan bir çox söz adamlarının ədəbi irsini geniş auditoriyaya çatdırıb.
Natiqlər Nizaməddin Şəmsizadənin Azərbaycan ədəbiyyatında, ədəbi-tənqidində öz obrazını yaradan alimlərdən olduğunu qeyd ediblər.
Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Qubanın İspik kəndində anadan olub. Tələbəlik illərindən ədəbiyyatşünaslığımızın mühüm problemləri ilə məşğul olmağa başlayan N.Şəmsizadə ilk məqalələrindən hamının diqqətini cəlb edib və bir ədəbiyyat adamı kimi tanınmağa başlayıb. Böyük ənənələri olan Azərbaycan tənqidinə N.Şəmsizadə müasirlik problemi ilə gəlib. Onun hər bir əsərində orijinal fikir, özünəməxsus üslub, obrazlı ifadə, prinsipial tənqidçi mövqeyi görünməkdədir.
Bildirilib ki, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsini bitirən Nizaməddin Şəmsizadə gərgin axtarışları, böyük zəhmətsevərliyi nəticəsində 31 yaşında SSRİ Yazıçılar İttifaqının üzvü olub. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müxtəlif vəzifələrdə çalışan Nizaməddin Şəmsizadə pedaqoq kimi gənc nəslin yetişməsində əlindən gələni əsirgəməyib.
Nizaməddin Şəmsizadə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə 2010-cu ildə Dövlət mükafatı laureatı adına layiq görülüb. Çağdaş ədəbi prosesin fəal iştirakçısı olan Nizaməddin Şəmsizadə “Ədəbi mübahisələr”, “Azərbaycan ideologiyası”, “Azərbaycan ədəbiyyatşünaslığı”, “Türk təfəkkürü məcrasında”, “Hıçqıran gülüşlər”, “Əli Nazim”, “Rejissor taleyi”, “Tənqidin ədəbi prosesdə rolu”, “Böyük nəslin davamçısı”, “Azərbaycançılıq”, “Ədəbi proses və ədəbi nəsil” monoqrafiyaların, “Bürkü”, “Tüstü” hekayələr və şeirlər kitablarının, 200-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və publisistik məqalənin müəllifidir. Onun yaradıcılığı haqqında çoxsaylı elmi məqalələr yazılıb.
Gecədə alimin kitablarından ibarət sərgi nümayiş etdirilib, şeirləri və əsərlərindən parçalar səsləndirilib, xalq və bəstəkar mahnıları ifa olunub.
Sonda Nizaməddin Şəmsizadə yubiley tədbirinin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.