REGİONLAR
Qubada hədə-qorxu yolu ilə pul tələb edən cinayətkar dəstənin üzvləri saxlanılıb VİDEO
Quba, 27 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq cinayətkar dəstə təşkil edən, hədə-qorxu yolu ilə Quba rayon sakini Rasim Neymətovdan pul tələb edərək, onu özünüöldürmə həddinə çatdırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş Siyəzən rayon sakini Mərifət Quliyev və əvvəllər məhkum olunmuş Xaçmaz şəhər sakini Anar Mövlanov saxlanılaraq polis şöbəsinə gətirilib.
Saxlanılan zaman Mərifət Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkarlanıb.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.
Onlar qabaqcadan əlbir olub bir dəstə təşkil etdiklərini və Rasim Neymətovdan Xaçmaz şəhər sakini Hafiz adlı şəxsə olan 1900 manat borcunun hədə-qorxu gələrək ödənilməsini tələb etdiklərini bildiriblər. Zərərçəkənin maddi vəziyyəti yaxşı olmadığından o pulu ödəyə bilməmiş, bu zaman isə saxlanılan şəxslər yenidən zərərçəkənə hədə-qorxu gələrək özünüöldürmə həddinə çatdırmışlar. Nəticədə Rasim Neymətov cari ilin iyun ayında sol qolunun damarlarını kəsərək intihara cəhd edib.
Saxlanılan şəxslərin digər cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.
Faktla bağlı Mərifət Quliyev və Anar Mövlanov barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat—axtarış tədbirləri davam etdirilir.