REGİONLAR
Qubada heyvandarlıq inkişaf etdirilir VİDEO
Quba, 8 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, son illərdə rayonda ətlik və südlük istiqamətli müasir heyvandarlıq təsərrüfatlarının yaradılması, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması və süni mayalama tədbirləri genişləndirilib. Hazırda rayon ərazisində 66 min başdan çox iribuynuzlu və 26 min başa yaxın xırdabuynuzlu heyvan saxlanılır. Cari ilin səkkiz ayında rayondakı fermer və fərdi təsərrüfatlarda 30 min tondan çox süd istehsal olunub.
İyirmi ildir heyvandarlıqla məşğul olan İkinci Nügədi kənd sakini Əfqan Nəsrullayev təsərrüfatında 50 başdan çox cins iribuynuzlu heyvan saxlayır. Bu sahənin gəlirli olduğunu bildirən fermer kalorili süd almaq üçün gün ərzində heyvanların qidalanmasına xüsusi diqqət yetirmək lazım olduğunu bildirir. Yüksək göstəriciyə nail olmaq üçün heyvanlara verilən yemin tərkibinə müxtəlif növ südartırıcı qidalar əlavə etmək də vacibdir.
Quba rayonunun İkinci Nügədi və Pirvahid kəndlərində yaradılan iri fermer təsərrüfatlarında heyvandarlığın həm ətlik, həm də südlük istiqamətdə inkişafı üçün şərait yaradılıb.
Rayonun kəndlərində aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb. Görülən tədbirlər nəticəsində Quba rayonunda mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb.