CƏMİYYƏT
Qubada ilk dəfə iki yeni faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 22-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda 20 lot üzrə Quba rayonunda yerləşən “Babaçay” və “Qonaqkənd” qum-çınqıl yataqları satışa çıxarılacaq. Qeyd edək ki, bu, rayonda keçiriləcək ilk hərrac olacaq. Başlanğıc qiyməti 6 - 10 min manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər. Tələb olunan sənədlərin siyahısı ilə agentliyin rəsmi internet səhifəsində “Hərraclar” bölməsində tanış olmaq mümkündür ( www.meda.gov.az).
Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra iki iş günü ərzində başlanğıc qiymətinin 10 faiz miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə iddiaçı hərraca buraxılmır.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və beh məbləğini ödəmək üçün eyni zamanda, Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44.
Hərrac paytaxtda Əmlak Xidmətləri Məkanı - Xəlil Rza Ulutürk, 20 ünvanında keçiriləcək.