REGİONLAR
Qubada ilk dəfə xalq teatrı fəaliyyətə başlayıb
Quba, 24 avqust, Elxan Yusifli, AZƏRTAC
Qubada ilk dəfə xalq teatrı fəaliyyətə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni yaradılan teatra 15 nəfər aktyor heyəti cəlb olunub. Tezliklə yeni heyətlə tamaşaların səhnələşdirilməsinə başlanılacaq. Tamaşalara yerli aktyorlarla yanaşı, regionun digər teatrlarından, eləcə də paytaxtdan dəvət olunmuş tanınmış sənət ustalarının da cəlb edilməsi nəzərdə tutulub.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin müdiri Nazim Ağayev bildirib ki, kollektivin təşkili ilə bağlı bütün hazırlıq işləri görülüb. Teatr Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərəcək.
“Quba Azərbaycanın tarixi şəhərlərindən biri olmaqla yanaşı, həm də qədim mədəniyyət mərkəzidir. Burada teatrın olması vacibdir. Həm yerli sakinlər, həm də rayona gələn minlərlə turist bu kollektivin fəaliyyətindən bəhrələnəcək. Xalq teatrlarının bölgələrimizin mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının səmərəli təşkilində böyük rolu var”, - deyə Nazim Ağayev AZƏRTAC-a müsahibəsində deyib.