REGİONLAR


Qubada inşa olunan yeni məktəb binasında minə yaxın şagird təhsil alacaq

Quba, 20 iyul, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunun Alekseyevka kəndində inşa olunan 960 şagird yerlik məktəb binası yeni tədris ilinə kimi istifadəyə veriləcək.

AZƏRTAC xəbər verir ki, kənddə təhsil ocağının inşasına ötən ilin dekabr ayından başlanılıb. Üçmərtəbəli binada 40 sinif, 6 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, akt, oxu zalları, kitabxana və 234 yerlik yeməkxana olacaq.

Hazırda üçüncü mərtəbəsi tikilən binanın sahəsi 3500 kvadratmetrdir.

Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək. Məktəb binasının tikintisinin sentyabr ayına kimi başa çatdırılması nəzərdə tutulub.

Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində hazırda 840 şagird təhsil alır. Təhsil ocağında tədris Azərbaycan və rus dillərində aparılır. Dörd min nəfərdən çox sakini olan Alekseyevka Qubanın ən böyük kəndlərindən sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.