REGİONLAR
Qubada keçirilən beynəlxalq folklor-rəqs festivalına beş ölkədən 600-ə yaxın iştirakçı qatılıb
Quba, 10 iyul, Elxan Yusifli, AZƏRTAC
Quba şəhərində keçirilən “Dostluq körpüsü” adlı Uşaqların və Gənclərin IV Beynəlxalq Folklor-Rəqs Festivalına müxtəlif rəqs qruplarının və kollektivlərin tərkibində, ümumilikdə, 600-ə yaxın iştirakçı qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 10-u saat 17:00-da Qubadakı “Yaşıl teatr”da tamaşaçılara Azərbaycan, Rusiya, İran, Gürcüstan və Qırğızıstan nümayəndələrinin iştirakı ilə möhtəşəm konsert təqdim olunacaq.
Konsert proqramından əvvəl festival iştirakçıları ilə Quba Rayon İcra Hakimiyyətində görüş təşkil olunub. Qonaqlara rayon haqqında məlumat verilib.
Təhsil Nazirliyinin dəstəyi ilə artıq dördüncü ildir keçirilən festival xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıyır. Rəngarəng rəqslərin təqdim olunacağı festivalda, ümumilikdə, 20-yə yaxın folklor və rəqs qrupunun ifaları nümayiş etdiriləcək.
“Dostluq körpüsü” adlı Uşaqların və Gənclərin IV Beynəlxalq Folklor-Rəqs Festivalının növbəti təqdimatı iyulun 11-də Sumqayıtdakı “Kimyaçı” Mədəniyyət Sarayında keçiriləcək.