REGİONLAR
Qubada mağazadan oğurluq edən şəxs “iş başında” yaxalanıb VİDEO
Quba, 14 yanvar, Elxan Yusifli, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Quba Rayon Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində oğurluq hadisəsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba rayonu Qonaqkənd qəsəbə sakini Əmrah Əmrahov gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birinə qapısının şüşələrini qırmaqla qanunsuz daxil olub və oradan oğurluq etməyə cəhd göstərib. Lakin onun bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Quba Rayon Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb və cinayətkar “iş başında” yaxalanaraq Quba Rayon Polis Şöbəsinə gətirilib.
Dindirilmə zamanı Ə.Əmrahov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.