REGİONLAR
Qubada məktəblilər narkomaniya mövzusunda maarifləndirilib
Quba, 21 aprel, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Hacıqayıb kənd tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə polis əməkdaşları, təhsil şöbəsinin nümayəndəsi, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev yeniyetmə və gənclərə yüksək səviyyədə təhsil almaq, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmaq, idmanla məşğul olmaq, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümək, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmaq və cəmiyyətdə sağlam fərdə çevrilməyi tövsiyə edib.
RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin ötən il Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində aşkarlanmış faktların statistikası qeyd olunub və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş olunub.