ELM VƏ TƏHSİL
Qubada məktəblilərin növbəti yay düşərgəsi təşkil olunub
Bakı, 22 avqust, AZƏRTAC
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə təşkilatçılığı ilə Quba rayonunda keçirilən ekoloji yay düşərgəsində 40-a yaxın məktəbli iştirak edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, on gün davam edən düşərgənin təşkili istirahət və tematik yönümlü xüsusi proqramlar üzrə orta məktəb şagirdlərinin mənalı, sağlam istirahətini təmin etmək məqsədi daşıyıb.
Düşərgədə məktəblilər üçün idman turizm əsaslarının inkişafına xüsusi önəm verilib, meşədə həyat fəaliyyətinin təhlükəsizliyi, yoqa meditasiyasının əsasları üzrə təlim məşğələlərində uşaqlara yeni bilik və bacarıqlar aşılanıb.
Təklif olunan marşrutlar üzrə Quba və Nabran meşələrinə 3-15 kilometr məsafəni piyada yürüş edən düşərgə iştirakçıları verilən tapşırıqları böyük maraq və həvəslə yerinə yetiriblər. İstirahət saatlarında məktəblilər üçün idman oyunları təşkil olunub.
Qubada BDU-nun Təlim Təcrübə və İstirahət Mərkəzində təşkil edilən düşərgədə Azərbaycan Respublikası Səmti Müəyyən Etmə Federasiyasının əməkdaşlarının iştirakı ilə məktəblilər üçün səmti müəyyənetmə üzrə təlimlər aparılıb.