REGİONLAR
Qubada müharibə əlilləri və şəhid ailələrinə yeni evlər təqdim olunub VİDEO
Quba, 25 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Quba rayonunda inşa edilən 6 fərdi ev müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, evlərin istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət və struktur rəhbərləri, əlil ictimai təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, nazirlik tərəfindən respublikanın bölgələrində inşa olunan fərdi yaşayış evlərinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi işləri uğurla davam etdirilir. Bu ilin ötən dövründə Tərtər rayonunda 54 mənzilli bina, ayrı-ayrı rayonlarda (Qusar, Ağcabədi, Ağdam, Yevlax, Bərdə, Zərdab, Goranboy, Quba) isə ümumilikdə 62 fərdi ev bu təbəqədən olan vətəndaşların istifadəsinə verilib. Həmçinin Bakı, Gəncə, Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilən 56 mənzil də müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub.
Beləliklə, bu ilin ötən dövründə 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. Hazırda isə həmin insanlar üçün ölkəmizin bölgələrində fərdi evlərin, Bakı şəhərində, İmişli, Beyləqan, Şamaxı rayonlarında çoxmənzilli yaşayış binalarının inşası, şəhər yerlərində hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri həyata keçirilir.
Tədbirlərdə müharibə əlilləri və şəhid ailələrinin maddi təminatlarının ilbəil gücləndirildiyi, onlara təyin olunan Prezident təqaüdlərinin mütəmadi olaraq artırıldığı, bu təbəqələrdən olanların qanunvericiliklə bir sıra imtiyazlara malik olduqları vurğulanıb.
Yeni fərdi evlərə sahib olan müharibə əlilləri və şəhid ailələri onlara göstərilən münasibətdən razılıqla söz açıb, mənzillə təmin olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.