REGİONLAR
Qubada muzey işinə həsr olunan seminarda ABŞ mütəxəssislərinin məruzələri dinlənilib VİDEO
Quba, 19 noyabr, Elxan Yusifli, AZƏRTAC
“Muzeylərdə, tarixi obyektlərdə və mədəniyyət mərkəzlərində XXI əsrin kuratorluğu” mövzusunun müzakirəsinə həsr olunmuş növbəti seminar noyabrın 19-da Quba Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən birgə əməkdaşlıq əsasında reallaşdırılan seminara şimal bölgəsində fəaliyyət göstərən muzey və mərkəzlərin işçiləri qatılıb.
ABŞ-ın Smitson İnstitutunun aparıcı tədqiqatçı antropoloqu, institut muzeyinin Asiyanın mədəniyyəti tarixi proqramının direktoru, Asiya, Avropa və Orta Şərq etnologiyası üzrə kuratoru Pol Teylor, muzeyin Asiya mədəniyyəti tarixi proqramının tədqiqatçıları Cered Koller və Trevor Lumis Merrion, həmçinin digər mütəxəssislər seminarda məruzə ilə çıxış ediblər.
Seminarda müasir muzeylərin fəaliyyətinin nəzərdən keçirilməsi, muzeylərdə informasiya texnologiyalarından istifadə, onlayn və adi sərgilərin hazırlanması ilə bağlı təqdimatlar da olub.
Sertifikatlar təqdim olunduqdan sonra seminar iştirakçıları Qubadakı “Gümbəzli hamam” tarixi abidəsinə baş çəkiblər.