CƏMİYYƏT
Qubada narkomanlığa qarşı mübarizə mövzusunda tədbir təşkil olunub
Bakı, 20 noyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu Quba Rayon İcra Hakimiyyəti ilə birgə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə bağlı maarifləndirmə tədbiri keçirib.
Dövlət Komissiyasının İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, şəhər və rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb.
Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları da iştirakçılara paylanılıb.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Quba Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri iştirak ediblər.