REGİONLAR
Qubada oğurladığı dərmanları satmaq istəyən şəxs saxlanılıb VİDEO
Quba, 27 iyun, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində oğurluqlar edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxsin əvvəllər də məhkumluq həyatı yaşayan rayon sakini, 41 yaşlı Rauf Məlikov olduğu müəyyənləşdirilib.
Dindirilmə zamanı R.Məlikov törətdiyi oğurluq hadisələrini etiraf edib. Məlum olub ki, saxlanılan şəxs may və iyun aylarında rayonun Timiryazev qəsəbəsindəki fərdi yaşayış evlərinin birindən generator, su nasosu və digər təsərrüfat avadanlığı, eləcə də rayon ərazisində dərman preparatları daşıyan avtomobildən tibbi avadanlıq və müxtəlif növ preparatlar oğurlayıb. Oğurladığı təsərrüfat avadanlığını dəyərindən ucuz qiymətə satan R.Məlikov əldə etdiyi pulları xərcləyib.
Oğurladığı dərman preparatlarını rayon ərazisində satmaq istəyən zaman polis əməkdaşları tərəfindən iş başında yaxalanan R.Məlikovun üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb.
R.Məlikov narkotik vasitə istifadəçisi olduğunu və heroini şəxsi istifadəsi üçün saxladığını bildirib.
Oğurluq yolu ilə əldə edilmiş tibbi avadanlıq və dərman preparatları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktlarla bağlı Quba RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.