REGİONLAR
Qubada ordudan yeni tərxis olunmuş gənclərin məşğulluq məsələlərinə dair fikir mübadiləsi aparılıb
Quba, 14 iyul, Elxan Yusifli, AZƏRTAC
Qubada Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından yeni tərxis olunmuş gənclərlə keçirilən görüşdə səfərbərlik tapşırığına əsasən onların üzərlərinə düşən vəzifələr, ehtiyatda xidmət izah olunub, eləcə də məşğulluqlarına dair fikir mübadiləsi aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdən əvvəl tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova hərbi xidmətdən tərxis olunmuş gəncləri xidmətlərini şərəflə başa vurmaları münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq, çağırışçı-gənclərin həqiqi hərbi xidmətə yola salınması və hərbi xidmətdən tərxis olunmuş gənclərin qarşılanması mərasimlərinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə keçirilməsi rayonda ənənə halını alıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu prosesi uğurla davam etdirilir və Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi Seymur Qurbanov, Quba rayon prokuroru Valeh Səmədov, rayon ağsaqqallar şurasının sədri Həsən Günəşli, Qarabağ müharibəsi iştirakçıları və başqaları çıxış edərək gənclərin şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təmin olunmasında Silahlı Qüvvələrimizin rolundan və hərbi qüdrətindən danışıblar.
Gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, işğal altındakı torpaqlarımızı azad etmək uğrunda savaşa hər an hazır olduqlarını söyləyiblər.