REGİONLAR
Qubada ötən il baş verən oğurluq hadisəsinin üstü açılıb VİDEO
Quba, 19 fevral, Elxan Yusifli, AZƏRTAC
Qubada ötən il baş verən oğurluq hadisəsinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2020-ci il 11 noyabr tarixində Quba rayonu ərazisində yerləşən qum-çınqıl karxanalarının birində işləyən S.Davudov Quba Rayon Polis Şöbəsinə müraciət edərək, iş otağında çantasından balansında 2051 manat pul olan plastik kartının oğurlandığını bildirib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Siyəzən rayon sakini Pərviz Qubatov tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxsin Oğuz rayonu ərazisində yerləşən şirkətlərin birində işlədiyi dəqiqləşdirilib.
Quba və Oğuz RPŞ-nin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat tədbirləri ilə P.Qubatov işlədiyi məntəqədə saxlanılaraq istintaqa təqdim olunub.
Dindirilmə zamanı o törətdiyi oğruluq əməli etiraf edərək, kartda olan 2051 manat pulu digər rayonların ərazisində yerləşən bankomatlardan çıxararaq xərclədiyini bildirib.
Faktla bağlı P.Qubatov barəsində cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.