REGİONLAR
Qubada ötən il görülən işlərə nəzər salınıb, qarşıda duran vəzifələr müzakirə olunub
Quba, 14 fevral, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyev 2018-ci ilin oktyabr ayında Qubaya səfərindən sonra rayonun sosial-iqtisadi inkişafına ciddi təkan verəcək 4 mühüm sərəncam imzaladı. Bu sərəncamlar Quba sakinlərinə böyük hörmət və rəğbətin ifadəsidir. “Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında”, “Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”, “Quba rayonunun Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı” və “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncamlar rayonun gələcək inkişafında çox mühüm rol oynayacaq. Eyni zamanda, Qubanın turizm mərkəzi kimi formalaşmasına, əhalinin həyat şəraitinin daha da yüksəlməsinə, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və təhsilin səviyyəsinin daha da yüksəldilməsinə şərait yaradacaq. Artıq nəzərdə tutulan işlərin icrasına başlanılıb. Hazırda Quba-Qonaqkənd və Quba-Susay-Xınalıq avtomobil yollarında asfaltlaşma işləri aparılır, 960 şagird yerlik Alekseyevka kənd tam orta məktəbi üçün yeni binanın tikintisi həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qubada 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Yığıncaqdan əvvəl rayon rəhbərliyi, qonaqlar və fəallar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər.
Sonra bölgədə istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgisinə baxış olub. Qonaqlara istehsal sahələri və müəssisələri barədə məlumat verilib.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb.
Məruzədə bildirilib ki, rayon üzrə ümumi məhsul buraxılışının həcmi il ərzində 375 milyon 954 min manat, sənaye məhsullarının ümumi həcmi 30 milyon 253 min manat və kənd təsərrüfatı məhsullarının həcmi 151 milyon 678 min manat olub.
Hesabat ilində rayonun Güneyməhlə və Ərməki kəndlərinə təbii qaz xətti çəkilərək 230 abonent “mavi yanacaq”la təmin edilib.
Prezidentin müvafiq sərəncamları ilə rayonun Alpan, Əlibəyqışlaq, Birinci Nügədi, Vəlvələ və Zizik kəndlərinin hər birində bir ədəd subartezian quyusunun qazılması, Ağbil, Alekseyevka, Möhüc və Talabıqışlaq kəndlərində isə içməli su sisteminin qurulması nəzərdə tutulub. Hazırda Əlibəyqışlaq kəndində subartezian quyusunda qazıntı, Möhüc kəndində son tamamlama işləri aparılır. Talabıqışlaq kəndində isə artezian quyusunun qazılması və yeni su sisteminin qurulması prosesi artıq başa çatdırılaraq əhalinin istifadəsinə verilib.
Hesabat ilində Kürkün kənd ümumi orta məktəbi üçün quraşdırılmış modul tipli məktəb istifadəyə verilib. Bundan başqa, Qubanın daha 8 kəndində modul tipli məktəb binalarının tikintisi məqsədilə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Alıc kəndində tikilən məktəb artıq istifadəyə verilib, digər modul tipli məktəb binalarının tikintisi isə davam etdirilir.
Məruzədə bildirilib ki, 2018-ci ildə Quba rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində ciddi işlər görülüb. 33 kilometr uzunluğunda İdrisiqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib. 10 kəndi birləşdirən 23 kilometr uzunluğunda Hacıhüseynli-Gənclər qəsəbəsi avtomobil yolu və bu yola birləşən digər yollara da yeni asfalt örtüyü döşənib. Bununla yanaşı, Quba-Xaçmaz avtomobil yolunun 14 kilometr hissəsi yenidən qurulub.
Hesabat ilində rayon mərkəzi xəstəxanasının yeni binasının, “Günəş” körpələr evi-uşaq bağçasının, “ABAD Factory” istehsalat kompleksinin, yeni salınmış Gənclər Parkının, “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı malları istehsalı zavodunun, Zərdabi qəsəbəsində yerləşən və əsaslı təmir olunmuş Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun yeni inzibati binasının da açılışları olub.
Qeyd edilib ki, 2018-ci ildə rayonda əkilmiş sahələrdən 24 min 707 ton buğda və 4 min 183 ton arpa istehsal olunub. Həmçinin 115 min 776 ton alma, 3 min 55 ton armud, 2 min 503 ton gilas, 2 min 249 ton gavalı,126 ton şaftalı, 208 ton fındıq və 291 ton qoz tədarük edilib.
Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, Milli Məclisin deputatları Vahid Əhmədov, Yevda Abramov və başqaları hesabat yığıncağındakı çıxışlarında Azərbaycanın xarici siyasətdə qazandığı uğurlardan, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından, aqrar sektorda aparılan islahatlardan, ixracyönümlü məhsulların istehsalındakı müsbət dinamikadan söz açıb, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələri diqqətə çatdırıblar.
Yığıncaqda rayonun ictimai-siyasi həyatında fərqlənənlərin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.