REGİONLAR
Qubada özünüməşğulluq proqramı çərçivəsində 150-yə yaxın ailə təsərrüfatı yaradılıb VİDEO
Quba, 4 mart, Elxan Yusifli, AZƏRTAC
Qubada özünüməşğulluq proqramı çərçivəsində 150-yə yaxın ailə dövlət dəstəyindən faydalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin ailələr mal-qara, şirniyyat və xalçaçılıq sexləri üçün müxtəlif aktivlərlə təmin olunublar. Proqramdan faydalananlar əvvəlcə ikiaylıq təlim kurslarına cəlb olunaraq, biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələniblər.
Rayonun Ərməki kənd sakini İdris Süleymanov özünüməşğulluq proqramından faydalanaraq şəxsi təsərrüfatına sahib olub. İşsiz olduğu üçün məşğulluq mərkəzinə müraciət etdikdən sonra 2 baş iribuynuzlu heyvan əldə edib.
“Biz ata-babadan heyvandarlıqla məşğul olmuşuq. Ona görə istəyirdim iribuynuzlu heyvan saxlayım. Qazancımla ailəmi təmin edim. Özünüməşğulluq proqramından faydalanmaq üçün müraciət etdim. Bir müddət təlimlərə cəlb olundum. Sonra məni həyətdə gördüyünüz iki iribuynuzlu heyvanla təmin etdilər. Tövlə şəraitim normal vəziyyətdədir. Yem, arpa, ot var. Gələcəkdə təsərrüfatımı genişləndirmək istəyirəm. Sonra mənə əlavə işçi qüvvəsi lazım olacaq. Bunun özü də dövlətə xidmətdir”, - deyə İdris Süleymanov bildirib.
Özünüməşğulluq proqramından yararlananlardan biri də İradə Süleymanovadır. Proqram çərçivəsində iki baş iribuynuzlu heyvana sahib olub. İ.Süleymanova da heyvanların sayını çoxaltmağı və təsərrüfatını genişləndirməyi düşünür: “Bir müddətdir bu heyvanlar mənə verilib. Artıq inəyin biri balalayıb. Balanı da saxlayıb təsərrüfatımdakı heyvanların sayını çoxaldacağam. Tövləm, öt tədarüküm var”.
Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlilliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlara və digər həssas qruplara üstünlük verilir.
Hazırda Qubadan 800-ə yaxın vətəndaş öz biznes layihələri ilə özünüməşğulluq proqramından yaralanmaq üçün müraciət edib.