REGİONLAR
Qubada polis əməkdaşları taksi sürücülərini sərnişindaşınma ilə bağlı məlumatlandırıb VİDEO
Quba, 13 may, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində fəaliyyət göstərən bütün obyektlərdə satıcıların və müştərilərin tibbi maska və fərdi qoruyucu vasitələrdən istifadə etmələrinə nəzarəti gücləndirib. Kafe və restoranlarda 10 kvadratmetr ərazidə 4 nəfərdən artıq müştərinin olmamasına xüsusi diqqət yetirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin inspektorları rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə maarifləndirici söhbətlər apararaq, onlara özlərinin və sərnişinlərinin tibbi maskalardan istifadə etmələrinin zəruriliyini bildiriblər. Sərnişin daşıma zamanı müştərilərin arxa oturacaqlarda əyləşmələrinin və sosial məsafənin qorunması üçün nəqliyyat vasitələrində şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyi sürücülərin diqqətinə çatdırılıb.
Polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər elan edilmiş xüsusi karantin rejimi bitənədək davam etdiriləcək.