CƏMİYYƏT


Qubada qeyri-infeksion xəstəliklərlə əlaqədar tibbi maarifləndirmə aksiyası təşkil edilib

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycan Tibb Universiteti (ATU) ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə layihəsi çərçivəsində Quba rayonunda “Sağlam həyat tərzi Azərbaycan xalqının seçimidir” adlı aksiya keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya Azərbaycan Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” əsasında aparılıb.

ATU-nun ictimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının əməkdaşları - kafedranın baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Yaqut Hacıyeva və kafedranın doktorantı İlahə İslamzadə aksiya çərçivəsində Quba Rayon Mərkəzi Xəstəxanasında xəstələrlə, həmçinin Quba regional “ASAN xidmət” mərkəzində yerli sakinlərlə görüşüblər. Görüş zamanı rayon sakinləri arasında maarifləndirici söhbətlər aparılıb, anket-sorğu əsasında sakinləri maraqlandıran suallar cavablandırılıb və xəstəliklərlə mübarizə sahəsində onlara məlumatlar verilib, bukletlər paylanılıb.

Yaqut Hacıyeva deyib ki, qeyri-infeksion xəstəliklərlə mübarizədə əhalinin maarifləndirilməsinin və bu sahədə motivasiyanın artırılmasının əhəmiyyəti çox böyükdür. Əhalinin tibbi aktivliyi - vaxtında həkim müayinəsindən keçmək, laborator analizlərin verilməsi xəstəliklərin vaxtında aşkar olunmasına imkan verir və müalicəni asanlaşdırır. Belə maarifləndirici tədbirlərin aparılması silsilə xarakter alıb və respublikanın digər regionlarında da davam etdiriləcək.

Qeyd etmək lazımdır ki, dünyada vaxtsız ölüm hallarının üçdəiki hissəsi qeyri-infeksion xəstəliklər nəticəsində baş verir. Ölkəmizdə isə il ərzində ölüm hallarının 73 faizindən çoxu həmin xəstəliklərin payına düşür. Qeyri-infeksion xəstəliklərə qarşı mübarizə onların risk amillərinə qarşı mübarizə fonunda getməlidir və bu sahədə maarifləndirmə işinin təşkili böyük əhəmiyyət daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.