REGİONLAR
Qubada şəhid baş çavuş Əskər Əhmədovun xatirəsi anılıb VİDEO
Quba, 7 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada Vətən müharibəsi şəhidi baş çavuş Əskər Əhmədovun şəhadətinin ildönümü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəman döyüşçünün anım mərasimində Milli Məclisin deputatı Vahid Əhmədov, Daxili İşlər Nazirliyinin rəsmiləri, Quba Rayon Polis Şöbəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər. Mərasim zamanı şəhidin Paşaoba kənd qəbiristanlığındakı məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.
Daxili Qoşunların hərbi qulluqçusu, baş çavuş Əhmədov Əskər Əhmədkişi oğlu 1990-cı il noyabrın 9-da Quba rayonunun Paşaoba kəndində anadan olub. Əsgərliyini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub.
Əskər Əhmədov Vətən müharibəsində Füzuli və Cəbrayıl uğrunda qəhrəmanlıqla döyüşüb. 2020-ci il oktyabrın 5-də yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə yüksəlib.
2020-ci il oktyabrın 7-də Paşaoba kənd qəbiristanlığında dəfn olunub. Evli idi, Ömər və Özcan adlı iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Əskər Əhmədov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.