REGİONLAR


Qubada sel sularından mühafizə məqsədilə bənd tikilir VİDEO

Quba, 5 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Ölkəmizin ən iri meyvəçilik rayonlarından olan Qubada bol məhsul götürmək üçün suvarma suyuna böyük ehtiyac var. Odur ki, Quba Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən torpaqların su təminatı üçün ardıcıl tədbirlər görülür, suvarma şəbəkələri genişləndirilir, su sistemlərində təmir-bərpa işləri həyata keçirilir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, təsərrüfat sahibləri uzun illər əkin sahələrini suvarmaq üçün torpaq arxlarla su aparmalı olurdular. Bu da həm vaxt, həm də su itkisinə gətirib çıxarırdı. Artıq bu problem Quba rayonunda həll edilmək üzrədir. Belə ki, Quba rayon Suvarma Sistemləri İdarəsi tərəfindən köhnə su kanalları yenilənir. Hazırda bu məqsədlə torpaq kanalların beton üzlüyə alınması işləri görülür.

Su kanalların beton üzlüyə alınması ilə yanaşı, rayonda yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə çayların kənarında bəndlərin inşası da davam etdirilir. Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən Qusarçay çayının Çartəpə kəndi ərazisindən keçən hissəsində bəndvurma işləri görülür. Bu ərazidə çayın məcrası genişlənərək yaxınlıqdakı ərazilər üçün təhlükə yaradıb. Bənd tikildikdən sonra çayın ətrafındakı ərazilər daşqın və sel sularından tamamilə qorunacaq. Uzun illər sel təhlükəsindən əziyyət çəkən sakinlər də görülən işləri yüksək qiymətləndirirlər.

Hazırda Quba rayonunda, ümumilikdə, 26 min 33 hektar suvarılan ərazi mövcuddur. Görülən meliorativ tədbirlər nəticəsində həmçinin sahələri suvarma suyu ilə təmin edən torpaq kanallar mütəmadi olaraq lil və kol-kosdan təmizlənir. Rayon Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, təmir planına uyğun olaraq gələcəkdə mərhələli şəkildə bütün torpaq kanallar beton kanallarla əvəz ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.